Haqqımızda

Saatlara çox marağım var. Bu mənim ətrafımdakı hamıya məlumdur.tp

Hərdən saat dizaynı ilə məşğul oluram, saatlara dair hər gün oxuyuram, gündəmi izləyirəm, saat alıram-satıram, konsultasiya edirəm, çox şey öyrənirəm bu haqda. Həmçinin Azərbaycanda saatların satışını edən ən böyük şirkətlərdən birində işləyirəm.

Soruşurdular və özümə də maraqlı idi ki, bu həvəs haradandır. Xalam bir gün dedi ki, bəs mənim nənəmin babası olub Şuşada məşhur saatsaz Məşədi Firidun. Həmçinin oğlu Yusif də saatsaz olub. Mən onun kötücəsiyəm. Bu inanılmaz xəbərdi mənimçün. Köklərini bilmək və yolunu tapmaq mükəmməl hissdir.

Saatb.az Azərbaycan dilində saatlar haqda yazılan bloqdur. Burda müxtəlif mexanizmlər, dizaynlar, saat məktəbləri, saatsazlıq ənənələri, müxtəlif  brendlər, Azərbaycan saat bazarı və saatlar haqda araşdırma yazılarımı paylaşacağam.

Saat ucuz da ola bilər, baha da, əsas odur orijinal və keyfiyyətli olsun, özünüz kimi…

Hörmətlə,

Orxan Məmmədov

 

Hələ uşaq vaxtı qəzetlərdə həftəlik proqramda olan cizgi filmlərinin saatını xatırlamaq üçün atamdan saat istəmişdim. O da mənə elektron saat aldı, qısa müddət sonra saatımı məktəbdə itirdim. Çox dəyərli bir hədiyyəmi itirmişdim. Bir müddət sonra yenə saat istədim, artıq itirməyəcəkdim. Sonralar saatlar mənim üçün çox maraqlı gəlməyə başladı. Hər zaman yenilikləri izlədim, yenə də izləyirəm.IMG_2139

İxtisasca həkim olsam da, saatlara marağım zaman keçdikcə azalmadı, əksinə daha da çoxaldı. Bir gün bloq yazmaq qərarına gəldim, bloqumun adını “saatbaz” kimi qeyd edəndə artıq belə bir bloq olduğunu gördüm. Beləcə Orxanla tanış olduq, bloqu biryerdə yazmaq qərarına gəldik.

Hazırkı dövrdə saatı bilmək üçün qol saatına baxmaq vacib deyil, ancaq qoldakı, təxminən 400 yaşlı bir qurğu insana sanki nəsə həyəcan verir, özünə cəzb edir. Sən də, əziz saatsevər, burdasansa, bizim haqqımızda oxuyursansa demək ki, sənə də həyəcan verir bu miniatür cihazlar. Çalışırıq saatçılıq dünyasında baş verən yeniliklərlə sizləri tanış edək.

Hörmətlə,

Azər Səmədov.