Orient 3 ulduz, bəzilərinə ZiqZaq, Freza, digərlərinə lupa, üçbucaq və s. deyirdilər. Mənimlə təxminən eyni nəsil insanlar üçün, xüsusən post Sovet ərazisində böyüyənlərə bu adlar nostalji hisslər gətirir. Təxminən hər birimiz uşaqlıqdan bu saat adlarını eşidirik, kimilərimiz atamızda, kimilərimiz babamızda, əmi-dayımızda Orient görmüşük. Bəziləriniz mənim kimi atasından qalan Orienti biləyində xoş xatirələrlə gəzdirir. Bəs bu saatların rəsmi olaraq, adı, kolleksiyası, buraxılış illəri haqqında məlumatınız varmı? Mən uzun-uzun axtardım, elə bir geniş məlumat toplaya bilməsəm də, öyrəndiklərimi bölüşməyə çalışacam.

Başlayım ordan ki, Orient bir neçə model sırası ilə tanınır, Sovetlər dövründə məhz 3 ulduz kolleksiyası idxal olunub, satışa verilib. Səbəb çox güman ki, yerli bazarla təxminən bənzəri qiymətlərdə olması idi.

(c) saatb.az

Uşaqlığımdan xatırladığım ən bahalı “xarici saatlar” məhz yapon istehsalı Orient və az-az Seiko idi. Hazırda Orient məhz Seiko Qrupun bir parçasıdır, ancaq bu 2001-ci ildən belədir. 70-ci illərdə isə Seiko özünün Seiko 5 kolleksiyası ilə çox məşhur idi, Orient o dövrdə 3 ulduz seriyasını satışa verdi, bu seriya, demək olar ki, hər zaman avtomatik mexanizmlə təhciz olundu. (İlk modellərin için mexaniki olanları vardı). Kvars saatların sürətlə yayıldığı bir dövrdə avtomatik mexanizmli saat satışa vermək və uğurlu olmaq çox çətin idi, amma Orient bacardı. Necə? Dövr Avropalı saat fabriklərinin tarixində kvars krizisi kimi qalıb, ancaq məncə, Seiko üçün dövr özünü sübut etdiyi uğurlu dövr idi.

(c) alltime.ru

Kvars saatlar mexaniki və avtomatik saatlara nəzərən xeyli ucuz idi, buna baxmayaraq dəqiqlik, hələ, o qədər də ürək açan deyildi, üstə gəl, dayanıqlı deyildi, bir növ hələ özünü təstiqləməmiş mexanizm idi. Orient bənzər qiymətə avtomatik mexanizm çıxarmaqla uğurlu olmağı bacardı. Sferblatdakı 3 ulduz bəzi Asiya regionları üçün buraxılan saatlarda AAA kimi yazılırdı. Bunlar (yəqin ki, yaponcadan) tərcümədə davamlı, dəqiq, gözəl dizayn edilmiş sözlərinin başhərfləri idi, ya da təxminən belə bir şey.

(c) watchcharts.com

Uğur qazandıqca müxtəlif yeni dizaynlar, modellər çıxmağa başladı. Bugünə qədər də Orient saatlarının model sırasında 3 ulduz xətti öz yerini saxlayır. Ancaq mənim üçün 2 istiqamətində olan həftənin gününü tənzimləyən düymə götürüldükdən sonra 3 ulduz sırası bitdi. Çünki o düyməsiz həmin nostalji hissləri yaratmır, indiki 3 ulduz model sırası material olaraq o estetikliyi hiss etdirmir.

Bir xeyli axtarsam da digər büdcə dostu saatlar kimi Orient 3 ulduz seriyasının da model sırasını, model nömrələrini tapa bilmədim. Bu məni biraz məyus etsə də, axtarışlara davam edəcəyim duyğusu üzümü güldürür, çünki axtardıqca hər dəfə yeni nələrisə tapıram. Ancaq əmin olduğum bir tərəf var, dedikləri qədər varmış, aradan keçən onilliklərə rəğmən, hələ də, həm estetik olaraq gözəldirlər, davamlıdırlar, həm də kifayət qədər dəqiqdirlər.

Siz də Orient saatlarınızı bizimlə paylaşın.