(c) reddit.com

Bir neçə dəfə izləyicilərimizdən biraz tənqidi qəbul edəcəyim şərhlər gəlib. Paylaşımlarımıza nə qədər diqqət etməyə çalışsam da, tənqidlərlə tam razılaşmasam da, düşündüm ki, bir neçə nəfər bənzər irad bildirirsə nəzərə almalıyıq. İrad isə o idi ki, biz saytımızda daha çox orta və üst sinif saat brendlərinə və modellərinə yer veririk. Bugün sizə ucuz qiymətə ala biləcəyimiz çox bəyəndiyim bir modeldən yazacam, beləliklə, Casio MTP-B145D modelləri.

(c) hodinky-365.com

Son illərdə inteqrə olunmuş bilərzikli saatlar dəbdədir və demək olar ki, hər brend belə saatlar təqdim edir. Hər birinin də öz auditoriyası var. Satışlar, tələblər isə bu modellərin, yəni inteqrə olunmuş bilərzikli saatların artacağını deməyə əsas verir. Lüks seqment mərkəzdə Gerald Genta yaradıcılığını görsə də, orta və giriş seqmentdə baxış bucağı fərqlidir. Burada hər kəs idol olaraq Tissot PRX modelini görür, ən azından mənə elə gəlir. Yadınızdadırsa, bu haqda yazmışdıq.

(c) hodinky-365.com

Ancaq bugün baxdığımız Casio brendinin inteqrə bilərzikli modeli heç də Tissot PRX modelinin uğurunun nəticəsi deyil, əksinə satışa çıxdığı tarixə baxsaq Casio daha öncə bənzəri model təqdim edib. Açığı mən özüm də bu yaxınlarda fikir vermişəm bu saatlara. Aşağı əyyarlı paslanmaz polad gövdə cəmi 35mm diametrdədir, lug to lug dediyimiz buynuz arası ölçülər isə 40mm. Yəni incə biləklərdə belə komfortlu ola biləcək bir saatdır.

(c) reddit.com

İndi isə əsas cazibədar gələn tərəf, cəmi 7.4mm qalınlıq. Sadə günəş şüaları sferblatı və saat 3 istiqamətində kiçik təqvim pəncərəsi var. Polad 316L olsaydı ikiqat qiymətində belə hit olacaqdı, mənim də ürəyimcə olacaqdı. Açığı yenə də əla satılır. Paslanmaz poladdan olan bilərzik də öz qiymət seqmentinə uyğundur. Azərbaycanda 139 AzN qiymətə təklif olunur.

(c) hodinky-365.com

Ən çox satılan modeli Tiffani mavisi kimi məşhur olan turquaz sferblatlı modeldir, ref.MTP-B145D-2A1V. Bundan başqa qızılı-narıncı olan, solmon rəng deyilən var, onu çox bəyənirəm mən də, ref.MTP-B145D-4AV, qırmızı ref.MTP-B145D-4A2V, sarı ref.MTP-B145D-9AV, göy ref.MTP-B145D-2A2V, yaşıl ref.MTP-B145D-3AV və ağ sferblatlı ref.MTP-B145D-7BV. Sonuncuda indekslər yerinə sferblatda ərəb rəqəmləri var.

Ölkəmizdə bir neçə modeli axtaranda tapmaq olur, ancaq onsuz da həmişə var, nə vaxt olsa tapmaq olar deyib gözləməyin. Bəlkə də, bir müddət sonra raritet oldu.

Azərbaycanda Casio saatlarını VMF butiklərindən, Meridian dükanlarından, Greenwich şəbəkəsindən və daha bir neçə dükandan maraqlana bilərsiniz.

Bəs siz hansı rəngini bəyəndiniz?