Bu ilki Saatlar və arzular sərgisi aprelin 9-15-i arası, adəti üzrə, Cenevrədə baş tutdu. Hər bir saat həvəskarının həsrətlə gözlədiyi tədbirdə bir xeyli yeni modellər təqdim olundu. Keçən ilə nəzərən bu il biraz gec yazdım bu haqda, gərək bağışlayasınız. Yəqin ki, brendlərin, sərginin rəsmi səhifələrindən və xarici bloqerlərin yazılarından hamı öz gözləntilərinin nə dərəcədə doğrulduğunu görüb və ümumən yeniliklərlə tanış olub. Mən isə diqqətimizi çəkən yenilikləri qısaca qeyd etmək istəyirəm.

(c) saatb.az

Rolex GMT Master ll ref.126710GRNR sərginin əsas ulduzlarından idi. Əslində Rolex hər zaman, həryerdə əsas diqqət mərkəzinə düşən brendlərdən biridir. Keramik bezelin rəngində bir balaca dəyişiklik, daha doğrusu yeni rəng çaları əlavə olunmuşdu. Yeni GMT Saatbazın obyektivində belə görünürdü. Yadımdan çıxmamış, fanatlar yeni modeli Bruce Wayne adlandırıblar. Daxildə 3285 kalibri döyünür və 70 saat güc ehtiyatı təklif edir. 40mm diametr, 11.9mm hündürlüklü model 11000 EUR qiymət etiketi ilə satışa veriləcək. Bundan başqa Rolex yeni turquaz sferblatlı klassik Rolex 1908 modelini göstərdi, 36mm qızıl Rolex Day-date və s. Bütün yeniliklər haqqında brendin rəsmi səhifəsində ətraflı baxmaq olar.

(c) alange-soehne.com

Ən diqqət çəkən, hər kəsin vau effekti ilə baxdığı modellərdən biri, bəlkə də birincisi A. Lange & Söhne Datograph Perpetual Tourbillon Honeygold Lumen idi. Cəmi 50 ədəd. Xronoqraf saniyənin 5-dən 1-inə qədər dəqiqliklə zaman tutur. Böyük təqvim pəncərəsi, ay fazası və daimi təqvim. 684 parçadan ibarətdir saat. Daxildə 50 saat güc ehtiyatına malik L952.4 kalibri işləyir. 41.5 mm diametr, 14.6mm hündürllüyə sahibdir.

Qiymət, necə deyərlər, upon request.

(c) iwc.com

Yüksək işçilik nümayiş etdirən bir digər modeli də qeyd etmədən olmaz. IWC Portugieser Eternal Calendar ref.IW505701. İngiliscədən tərcümədə perpetualeternal sözləri hər ikisi daimi kimi çevrilir, ancaq orjinalda daimi sözünün qarşılığı məhz eternal sözüdür, perpetual isə müəyyən bir vaxtdan sonra təkrarlanmağa məruz qalır. Perpetual calendar kimi qeyd etdiyimiz saatlar 2100-cü ildə müəyyən korreksiyaya məruz qalacaqlar (əlbəttə, əgər o vaxta qədər dayanmadan işləyə bilsələr), ancaq Eternal calendar isə 2400-cü ilə qədər sferblatındakı bütün əlavələrlə dəqiq işləyəcək. Brend 1985-ci ildə ay fazasının 122 il dəqiq işləyəcəyi Da Vinci Perpetual Calendar modelindən sonra 2003-cü ildə Portugieser Perpetual Calendar modeli ilə 577 il rekordu da atmışdı. Ancaq bu dəfə Double Moon adlandırdıqları yeni əlavə ilə ay fazası funksiyası 45 milyon ildə (!) cəmi 1 gün səhv edəcək. Fantastik deyilmi? Daxildəki IWC 52640 kalibri isə 1 həftə güc rezervinə sahibdir. Diametr 44.4mm, qalınlıq 15mm. Gövdə platindəndir. Qiymət 150000 CHF təşkil edir.

(c) jaeger-lecoultre.com

Saatçılıq aləmində yüksək sənət deyəndə ağlımıza gələn köklü saat evlərindən biri də Jaeger-LeCoultre`dur. Yeni Jaeger-LeCoultre Duometre Heliotourbillon Perpetual Calendar modelindən də qısaca söz açaq. Burada turbiyon 3 ox üzərində bərkidilib. Mexanizm brendin özünə aiddir, kalibr 388. Bura aid turbiyon 60 saniyəyə fırlanır, 163 hissəcikdən ibarətdir, çəkisi isə (!) 0.7 qram təşkil edir. Daimi təqvimdir, sadəcə möhtəşəmdir.

(c) monochrome-watches.com

Yüksək sənət göstərən brendlərə qayıdacağıq, ancaq biraz da onlara baxanda cibə uyğun modellərdən danışaq. GMT demişkən elə Roleksin subbrendi Tudor da yeni GMT model təqdim etdi, Tudor Black Bay 58 GMT. 200m suya davamlılıq və buna görə 12.8mm hündürlük, 39mm diametr. Kaş suya davamlılığı aşağı salmaq hesabına olsa da hündürlüyü 11mm-ə salardılar. Daxildə MT5450-U kalibri var, 65 saat güc ehtiyatına sahibdir. Qiymət 4600 EUR.

(c) tagheuer.com

Sərgidə, bəlkə də, ən çox diqqətimi çəkən saatı da qeyd etməliyəm, Tag Heuer Monaco Split Seconds Chronograph ref.CBW2181.FC8322 (qırmızı) və ref.CBW2182.FC8339 (mavi). Şəkildəkindən fərqli olan versiyada körpülər mavi rəngdədir. 41×41 mm diametrli gövdə 15mm hündürlükdədir. Mexanizm TH81-00 Vaucher manufakturası ilə birlikdə hazırlanıb. Saatın çəkisi cəmi 81 qramdır, gövdə titandandır. Qiyməti isə 135000 CHF olaraq göstərilib.

Haqqında yazmaq istədiyim model çoxdur, yenə sərginin maraqlı saatları haqqında paylaşımlar edəcəm. Diqqət etdinizsə, nə Patek Philippe, nə Cartier haqqında yazmadım. Həryerdə arzuladığımı qeyd etdiyim Grand Seiko sərgiyə nə gətirmişdi yazmadım… Bu və digərləri haqqında növbəti dəfə.