Omega hər zaman saat dünyasının özəyini təşkil edən brendlərdən biri kimi qəbul olunur, ən azından, mənim üçün bu belədir. Daha çox filmlərdə görünməsi ilə, çoxsaylı səfirləri tərəfindən diqqətimizi çəkən saatlar modellərinin məncə ən məşhur nümunəsi elə Seamaster Professional model sırasıdır. Həm xəfiyyə 007-nin saatı olması, həm də Britaniya Royal ailəsinin üzvlərinin biləyində tez-tez görünməsi bunun üçün rol oynayıb.

Bir də hər zaman xüsusi yeri olan bir Omega model sırası var, Constellation. Tərcümədə ulduz sırası və ya bürc anlamını verən bu adı brend ilk dəfə 1952-ci ildə istifadə etdi. O qədər də sürətli yenilənməyən sıradır. Hazırki dizaynı, avropalıların dili ilə desək, kvars krizisi səbəbilə 1982-ci ildə təqdim olunan Omega Constellation Manhattan modelindən alır. O zaman mövcud vəziyyətə uyğun olaraq bir müddət kvars modellərlə gündəmdə qaldı. Amma inteqrə olunmuş bilərzikli modellərin sürətlə çoxaldığı dövr idi. Nəyisə xatırlatmır? Lap indiki kimi, eləmi? Bu haqda növbəti postda.

Sonuncu dəfə model sırası 2019-cu ildə yenilənmişdi, xanımlar üçün olan modelləri saxlayaraq kişilər üçün 39mm modellər təqdim olunmuşdu. Düzü onları o qədər də bəyənməmişdim, sanki nəsə düz deyildi, indi isə hər şey ürək açandır, ancaq cəmi iki nüansdan başqa, bu haqda biraz sonra.

Yeni sıra 41mm diametrlidir, 13.5mm hündürlüklü və cəmi 50m suya davamlıdır. Master Xronometr sertifikatlı 25200 titrəyişli polad versiyalarda 8900 kalibri və qızıl versiyada 8901 kalibri çalışır. Bu iki kalibr arasında fərq rotorun qızıl versiyada da qızıldan olmasıdır. Məncə saatın əsas minusu 13.5mm qalınlıqdır, 10mm ölçüyə sığdıra nilsəydilər mexanizmi möhtəşəm olardı. Sapfir arxa qapaqdan baxıb mexanizmi izləmək olar.

Sferblat Muonionalusta meteoritindən əldə olunmuşdur, 4 rəngdədir: gümüşü, qızılı, göy, yaşıl. Qızılı sferblat özlüyündə 2 cürdür, daha doğrusu qızıl saatlar ikidir, Omega’nın öz dili ilə desək, Ay işığı qızıl ref.131.50.41.21.99.001 və Sedna qızıl ref.131.50.41.21.99.002. Göy sferblatlı model titan bezel ilə təqdim olunur ref.131.30.41.21.99.003, digər iki model isə PVD örtüklü keramik bezel ilə, yaşıl olan yaşıl ref.131.30.41.21.99.002, gümüşü isə qara ref.131.30.41.21.99.001.

İkinci bəyənmədiyim nüans isə alıcının gözü ilədir, yəni qiymət. Əgər 2019-cu ildə olan modellər 5700 EUR başlanğıc qiymətlə idisə, yeni modellər üçün 10300 EUR qiymət etiketi başlanğıcdır. Qızıl versiyalar isə 46600 EUR etiketlə təqdim olunur.

Hansı versiyanı daha çox bəyəndiniz?

All images from monochrome-watches.com