Yapon nəhəngi Seiko bugün saat bazarında yaranan tendensiyadan geri qalmadı, inteqrə olunmuş bilərzikli modellərini təqdim etdi. Xarici portallarda “PRX killer” deyə ad qoyanlar belə oldu, Tissot PRX seriyasına bənzərliyi önə çəkiblər. Mən isə bu saatlara və onların ortaya çıxmasına biraz başqa tərəfdən baxmaq istəyirəm. Əvvəlcə qeyd edim ki, belə gövdəli saatlar yaxşı satılırsa, əlbəttə, Seiko bu konsepsiyadan yan keçməyəcəkdi.

(c) helveti.eu

Tissot PRX ilə hitə çevrilən inteqrə olunmuş bilərzikli gövdəli saatlar əvvəllər də vardı, ancaq məhz orta seqmentdə yoxa bərabər idi. Uğurlu satışlar digər brendləri də cəlb etdi. Amma elə təxminən PRX ilə eyni zamanda bir başqa yapon nəhəngi Casio da belə dizaynda, hardasa Audemars Piguet Royal Oak saatlarını xatırladan Casio Beside seriyasından BEM model nömrəli 5 saat təqdim etmişdi, heç bir il çəkmədi ki, bu Casiolar satılıb qurtardı. İndi də ikinci əldə riteyl qiymətinin iki, üç, hətta bəzən dörd qat dəyərində rast gəlmək olur. Bu model və ümumən Casio Beside haqqında yazımıza buradan göz ata bilərsiniz.

(c) helveti.eu

Burada məni düşündürən bir məsələ var, Tissot PRX tarixi olan modeldir, çoxlu versiyaları var, Casio Beside defisitdir, özü də sadə Casio modellərinə nəzərən daha ətraflı işlənmiş və nisbətən baha idi. Bəs Seiko SUR seriyası? Nə ilə önə çıxacaq? Düzdür PRX-dən ucuzdur, amma bu bəs edəcəkmi rekord qırmağa? Defisit olacağına düzü inanmıram. Keçək saata. Başlanğıc olaraq 4 versiyada satışa verilib: göy sferblat ref.SUR555P1, ağ sferblat ref.SUR553P1, qara sferblat ref.SUR557P1 və ağ sferblatlı qızılı bezelli, həm də qızılı və gümüşü bilərzikli olan ref.SUR558P1.

(c) hodinky-365.cz
(c) musinsa.com

Gövdənin ölçüləri, mənə görə, idealdır. 38.5mm diametr, cəmi 9mm hündürlük və gözlənilmədən 100m suya davamlılıq. Daxildə 6N52 kvars kalibri döyünür. Bir batareya ilə işləmə dövrü təxminən 3 ildir. Sferblatın işlənməsi, indekslər və əqrəblər bu saatı adi kvars Seikolardan ayırır, üstə gəl bir də sapfir şüşəsi. Qiymət də təxminən 500 AzN götürsək məncə heçnə ilə Tissot PRX-dən geri qalmayan və hətta önündə olan bir model görürük. İstəmədən də olsa, deyəsən, elə özüm də bu modeli PRX ilə müqayisə etmiş oldum. Seiko uzun müddətdir SUR seriyası ilə modellər istehsal edir, qeyd etməliyəm ki, kifayət qədər də gözəl modelləri var, hətta dəfələrlə büdcəli variant kimi bu saatlardan dostlarıma məsləhət gördüklərim olub.

(c) hodinky-365.cz

Satışa gələn kimi canlı baxacam, əlbəttə. Yeri gəlmişkən, Azərbaycanda Seiko saatlarını rəsmi təmsilçi VMF şəbəkəsindən əldə edə bilərsiniz. Seiko barəsində onu bilirəm ki, canlı görmək istəyib gözləntilərimi doğrultmayan modeli ilə rastlaşmamışam. Biraz fantaziyaya güc verib xəyal edim, deyək ki, Seiko gözlədiyindən də yaxşı satışlar əldə etdi və bu model sırasının avtomatik mexanizmlə təhciz olunmasına qərar verdi. O zaman necə olacaq? 9mm gövdəyə nə 4R, nə də 6R mexanizmlərini sığdıra bilməyəcək çox güman, saatın gözəlliyini qorumaq üçün King Seiko sırasında istifadə etdiyi nisbətən nazik 6L mexanizmini istifadə edəcəkmi? Deyək ki, istifadə etdi, qiymət necə olacaq? Kvars versiya 500 AzN, avtomatik olanı 2500 AzN qiymətləmi satışa verəcək? Marketinq tərəfdən uğursuz addım olar. Ümid edirəm belə olar, King Seiko’larda olan mexanizmlə bu modellər satışa çıxar və məcbur qalıb aşağı qiymət seqmentində satışa verərlər.

Bu arada, sanki ağ sferblat çox daha gözəldir, siz nə düşünürsünüz?