Bəlkə də Classics Premiere modellərinə tam olaraq yeni demək də düz deyil, amma…

Hamımız Frederique Constant saatlarının geniş model sırasına sahib olduğunu bilirik. Manufaktura dediyimiz yalnız öz fabriklərinə xas mexanizmləri ilə səs salıb brend, bura turbiyon daimi təqvimdən tutmuş adi saat və dəqiqə göstərən modellər aid etmək olar. Giriş modellər isə kvars və Sellita bazalı mexanizmlərlə təhciz olunublar. Düzü, bu brendin büdcə dostu saatlarından mənim çox xoşum gəlir. Ancaq bu dəfə mexanizm Sellita deyil.

Məsələ burasındadır ki, Frederique Constant brendi yapon nəhəngi Citizen Watch Company himayəsindədir. Citizen həm də Alpina, Arnold & SonLa Joux-Perret brendlərinə sahibdir. Daxildə saat evləri bir-birilərinə müxtəlif köməklər edə bilirlər. Beləcə yeni modellərdə La Joux-Perret G100 mexanizmləri istifadə edildi. 4 Hz tezliklə çalışan mexanizm 68 saat güc rezervinə sahibdir. Ölçüləri və quruluşu ilə biraz ETA 2824 kalibrini xatırladır.

Hər baxımdan klassik bir kostyum saatıdır. Diametr 38.5mm, hər zaman dediyim kimi ideal ölçü, hündürlük 10.7mm təşkil edir, kaş 10mm-dən az olaydı. Suya davamlılıq isə sadəcə 50m. Başlıq giriş səviyyə Frederique Constant modellərindən fərqlənir, manufaktura seriyasında olan başlığı xatırladır, mənə görə, incə və gözəl bir detaldır bu.

Arxa qapaq sapfir kristaldır, G100 və ya saat evinin bu modellər üçün namenklaturasına uyğun olaraq FC-301 kalibrli mexanizmini izləyə bilirik. Saat üç versiyadadır, qara sferblatlı ref. FC-301DGR3B6, ağ sferblatlı ref. FC-301SWR3B6 və qızıl örtüklü ağ sferblatlı ref. FC-301SWR3B4. İlk ikisi 1695 EUR, qızıl örtüklü model isə 1995 EUR riteyl qiyməti ilə satışa verilir.

Canlı görməmişəm, amma şəkillərə nəzərən çox bəyəndim bu saatı. Ümumiyyətlə, məncə, Frederique Constant brendi hələ çox inkişaf edəcək. Bu qiymət seqmentində bir və ya iki belə bəyəndiyim saat markası var. Baxmayaraq ki, brendin faktiki sahibi Citizen Saat Kompaniyasıdır, Azərbaycanda Citizen ilə tərəfdaş bildiyimiz VMF tərəfindən satışa verilməyib. Ümid edirəm bunu tezliklə həll edərlər. Hazırda isə Frederique Constant saatlarını ölkəmizdə MeridianGreenwich saat satış mərkəzlərindən maraqlana bilərsiniz.

Siz bu üç modeldən hansını bəyəndiniz?

(c) Bütün şəkillər brendin rəsmi səhifəsindəndir.