Biləyimə taxdığım bütün saatlarım kimi şəkillərini paylaşdığım Poljot Signal saatımın da bir hekayəsi var. Ümumilikdə saat fabriki 70-ci illərdə SSRİ-də yaranmışdır, o dövrdə pr kompaniya kimi sağda-solda istifadə olunan kosmos məsələsi bu saatların adına da təsir etmişdi. Mexanizmləri dövründə bütün sovet saatlarında istifadə olunan standart kalibrin modifikasiyası idi, zəngli olan 2612.1 kalibri. Qurmalı və kifayət qədər davamlıdır. Keçək mənim saatıma.

Hələ uşaqkən dayımın qolunda sferblatı göy bir saat görmüşdüm. Çox xoşuma gəlirdi. Sonra bir dəfə dayımdan söhbət arası soruşdum, dedi 83-cü ildə Kiyevdən alıb saatı. Aradan illər keçdi, artıq öz saatım varıydı, o saat isə hər zaman fikrimdə idi, bir gün o saatdan görsəm yaxşı vəziyyətdə alacam deyə düşünürdüm, ancaq gözümə dəymirdi. Elə həmin ərəfələrdə fikirləşdim ki, dayımın qolunda bu saatı sonuncu dəfə nə vaxt görmüşəm, yadıma sala bilmədim.

Dayımla növbəti görüşümdə soruşdum saatı, uşaqlar oynadıb qırıblarmış. Çox məyus oldum, qırıqlarının ona lazım olmadığını öyrənib evlərindən bütün qalıqlarını götürdüm. Qərar vermişdim ki, bu saatı ideal vəziyyətə gətirib taxacam biləyimə.

Saatı tam saz vəziyyətə qaytarmaq biraz zaman aldı. Gövdəsi originalda latun idi, mən sırf bəxtim gətirdi deyərdim, paslanmaz poladdan olan versiyası ideal vəziyyətdə əlimə keçdi. Sovetlər çox az hallarda paslanmaz polad gövdəli saatlar istehsal edərdi, hər modelin yoxdur, olanlar belə çox az sayda buraxılıb, mən tapa bildim.

Ən çətini sferblatı oldu. Nə qədər axtarsam da originalını tapa bilmədim, elə əqrəblərin də. Bir sferblat taxdım əvvəlcə, vəziyyəti ürəyimcə deyildi, sonra 90-ların əvvəlində fabrikdəki qalıqlar hesabına buraxılan, sferblatına “Сделано в России” yazılan eyni mexanizmli Poljot saatlarından birinin sferblatı və əqrəbləri ilə əvəz etdim uyğun hissələri. Sonra başlıqları dəyişdim, saatın öz başlıqları korlanmışdı. Sferblatı və əqrəbləri ümid edirəm bir gün əla vəziyyətdə tapacam, originalda olduğu kimi.

Hələ ki, şəkillərdəki kimidir, taxıram, əladır, zövq alıram. Həm xatirədir, həm də xoşdur.

Saatın bu vəziyyətə gəlməsində köməyimə çatan saatsaz ustalara da ayrıca təşəkkür edirəm.