Yaponiyaya səyahət etmək ən böyük arzularımdan biridir, ancaq bunu o zaman edəcəm ki, oradan xüsusi bir saatla dönüm. Orxana hər dəfə Grand Seiko modellərindən danışanda ən arzuladığım Grand Seiko modelini də qeyd edirəm, o da “bilirəm, artıq əzbərə bilirəm” deyə gülür. Grand Seiko isə elə əsas brend Seiko kimi bəzi modellərini məxsusi daxili bazar üçün hazırlayır. Odur ki, təkcə dillər əzbəri olan yapon mətbəxi üçün deyil, həm də yalnız Tokyodan əldə edə biləcəyim Grand Seiko üçün Yaponiyaya getmək şərtdir.

Grand Seiko ref. SBGH297

Seiko saat brendinin başlanğıc götürdüyü emalatxana 1881-ci ildə Tokyonun Ginza məhəlləsində saatsaz Kintaro Hattori tərəfindən açılmışdır. Ginza məhəlləsi bugün də Tokyo şəhərinin ən bahalı, turistik yerlərindən biridir. Burada Grand Seiko və Seiko brendlərinin flaqman butikləri, həmin emalatxana və Seiko muzeyi yerləşir. Brend 2022-ci ildə cəmi 260 ədəd məhdud sayda olan turquaz sferblatda Ginza məhəlləsinin xəritəsi əks olunan modelini təqdim etdi, ref. SBGH297. Bu model yalnız Tokyo şəhərində 5 butikdə satıldı. O zaman da bu modeli çox bəyəndiyimi qeyd etmişdim.

2024-cü ildə də ilk diqqətimi çəkən model məhz eyni mövzulu, bənzər sferblatlı, rəng çaları fərqli olan, 62GS gövdəli Grand Seiko 62GS Hi-Beat ref. SBGH317 oldu. 2022-ci ilin modeli ilə əsas fərq yuxarıda da qeyd etdiyim kimi sferblatdadır. Yapon dizaynerlərin sözlərinə görə öncəki model sferblatda binaların üstdən görünən siluetini təsvir edirdisə, yeni modelin sferblatında qış günəşində Ginza küçələrinin siluetidir. Hər bir halda hər iki model möhtəşəmdir. SBGH297 cəmi 260 ədəd olduğu halda yeni SBGH317 530 ədəd hazırlanıb və elə həmin məhəllədə yerləşən 6 Grand Seiko butikində satılacaq.

Arxa qapaqdan hi-beat dediyimiz, saatda 36000 titrəşimli Grand Seiko’ya aid 9S85 kalibri görünür. 55 saat güc rezervinə sahibdir. Ümumiyyətlə texniki göstəricilər, ölçülər elə öncəki modeldə olduğu kimidir, 40mm diametr, 12.9mm hündürlük və 100 suya davamlılıq.

Gəldik qiymət qisminə, saat yalnız Yaponiyada satıldığı üçün qiymət də yapon ieni ilə göstərilib, amma avropa valyutası ilə hamımıza daha asan olacaq məncə, 4860 EUR. Həmin 6 butikin də adını tapdım, sizlərə butiklərin adları maraqlı olduğunu düşünmürəm, özümə maraqlıdır, tapmışkən qeyd edirəm: GS Flaqman butik, GS Flaqman butik Namiki küçəsi, GS Butik Ginza, Ginza Mitsukoshi, Matsuya Ginza saat salonu və Nissindo Ginza salonu.

Sizcə 2022-ci ilin yayı çıxan model, yoxsa yenisi?

(c) Bütün şəkillər brendin rəsmi səhifəsindəndir.